3.06.2018

İrəvansız 100 il... Gəncliyə müraciət




1918 – ci ilin 28 mayında Azərbaycan öz istiqlaliyyətini elan etdikdən bir gün sonra 29 may 1918 – ci il tarixdə Müsəlman Milli Şurası Tiflis şəhərində Həsən Bəy Ağayevin sədrliyi ilə sarayda iclas keçirir. İclas 3 nömrəli protokolla rəsmiləşdirilir. 



Qeyd olunan protokola əsasən, iclasın açılışı zamanı Şura üzvü F.X.Xoyski Şuraya Şura nümayəndələrinin Erməni Milli Şurası nümayəndələri ilə Azərbaycan və Ermənistan federasiyalarının sərhədləri barədə danışıqların nəticələri haqqında məruzə edir. F.X.Xoyski məruzəsini belə bir məlumatla yekunlaşdırır ki, erməni federasiyası yaratmaq üçün onlara siyasi mərkəz lazımdır, Aleksandropolun Türkiyəyə keçməsindən sonra belə mərkəz yalnız İrəvan ola bilər, ona görə də, F.X.Xoyski deyir, İrəvanın ermənilərə güzəşt edilməsi qaçılmazdır.

Bu məsələ ilə bağlı X.B.Xasməmmədov, M.Y.Cəfərov, Şeyxül-İslamov, M.Məhərrəmov fikirlərini bildirməklə İrəvanın ermənilərə güzəştə gedilməsinin tarixi zəruriyyət, labüd iş olduğunu qəbul etdiklərini deyirlər. Bu məsələnin səsverməyə buraxılması aşağıdakı nəticələri verdi: İrəvanın güzəştə gedilməsi ilə bağlı səsvermədə 28 nəfər iştirak etmişdi. 16 nəfər lehinə, 1 nəfər əlehinə 3 nəfər isə bitərəf qalmışdı. 8 nəfərin isə bu məsələyə münasibəti hələ də sual altında qalır... 
... Və həmin tarixdə gələcəkdə Azərbaycanın bir neçə milli faciələrinə səbəb olacaqdı.

Daha sonra 1 iyun 1918 – ci il tarixdə yenidən Milli Şuranın iclası keçirilir, bu iclas da 4 №-li protokolla rəsmiləşdirilir. Bu iclasda İrəvanlı Milli Şura üzvləri Mirhidayət Seyidovun, Bağır Rzayevin və N.B.Nərimanbəyovun İrəvan şəhərinin Ermənistana güzəşt edilməsi barədə imzaladıqları etiraz səsləndirilir. Milli Şura etirazın müzakirə olunmadan protokola əlavə edilməsini qərara alır. Daha sonra Şura üzvləri İrəvan şəhərinin Ermənistan Federasiyasına güzəşt edilməsi məsələsi ilə bağlı və qaçqınlara köməyin təşkili üçün İrəvana nümayəndəliyin göndərilməsi zəruriyyəti barəsində məsələ qaldırırlar. Təklif qəbul edilir və M.H.Seyidov, M.Rzayev, M.Y.Cəfərov nümayəndəliyin tərkibinə seçilirlər. 
Bu gün cəmiyyətdə yalnış anlaşılmalar var ki, guya, Milli Şura heç bir təpki göstərmədən İrəvanı ermənilərə güzəştə gediblər. Bu fikirlər kökündən yalnışdır. 5 nömrəli protokola əsasən Müsəlman Milli Şurasının 7 iyun 1918-ci il tarixdə Tiflis şəhərində keçirilmiş iclasında İrəvana yolun açılması və müsəlman əhalisinin olduğu ərazidən keçən bu xətdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi məsələsi, Şuranın 1 iyun tarixli qərarına uyğun olaraq İrəvana nümayəndələrin göndərilməsi məsələsi ilə bağlı qızğın müzakirələr aparılmışdı.
Həmin iclasda İrəvan qubrerniyasının nümayəndəsi Bağır Rzayevin protokola salınmış çıxışından bu cümlələri bu gün də həyəcansız oxumaq olmur. O deyirdi: - “Mən əminəm ki, Sizlərdən heç kim İrəvan quberniyasına getməyəcək, oraya biz İrəvanlılar, mən və Seyidov gedəcəyik; amma Sizdən bir şeyi xahiş edirik: öz müstəqil Azərbaycanınızı yaradandan sonra bizi, Ermənistan Respublikasının ərazisində qoyulmuşları yaddan çıxarmayın”. 
Burdan da göründüyü kimi heç kim öz istəyi ilə İrəvanı ermənilərə güzəştə getmədi. Milli Şuranın müavinləri Ermənistanın Qarabağın dağlıq hissəsinin, Azərbaycanın digər ərazilərinə qarşı ərazi iddiası irəli sürərlərsə, müqavilənin avtomatik olaraq qüvvədən düşəcəyi haqqında qərar qəbul edərək razılığa gəlmişdilər. Azərbaycan Cümhuriyyəti Hökumətinin baş naziri Fətəli Xan Xoyski mayın 29-da xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazdığı məktubunda deyirdi ki, “Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik.
Biz buna ona görə getdik ki,törədilən qətliyamların qarşısı alınsın, ərazi iddialarından əl çəksinlər”. Amma göründüyü kimi hiyləgər ermənilər iddialarından əl çəkmədilər, bu gün də paytaxtları belə, tarixi Azərbaycan şəhəri ola – ola, onlar Azərbaycanın 20 faiz torpaqlarını da işğal altında saxlamağa davam edirlər. Mən Azərbaycan gəncliyinə müraciət edirəm: Gəncliyimiz bilməlidir ki, döyüşdə qələbənin 50 faizini informasiya təmin edir. Bizim “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyi yarandığı gündən İrəvan məsələsini gündəmə gətirib, 2016 – cı ildə ölkənin 10-dan çox böyük QHT – ləri ilə birlikdə “İrəvan – 2018 Hərəkatı” yaratmış, bu istiqamətdə 2017 – ci ildə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi I qrant müsabiqəsində “İrəvan 2018 portalının yaradılması” layihəsi ilə qalib gələrək, www.iravan2018.com ensklopedik portalını yaratmış, 2018 – ci ildə isə yenə də Şura tərəfindən elan olunan I qrant müsabiqəsində “İrəvansız 100 il” mövzusunda tədbirlərin təşkili, sosial şəbəkələrdə informasiya müharibəsinə dəstək layihəsini icra edir. Amma bizim işimiz ancaq layihə ilə yekunlaşmır. Bütün il boyu təşkilatımız təmənnasız olaraq, heç yerdən maliyyələşmədən informasiya müharibəsi sahəsində internet məkanında düşmənə qarşı mübarizədə iştirak edir. Amma bizim gücümüz çox az və zəifdir. Mən çox istərdim ki, ali və orta ixtisas məktəblərində təhsil alan tələbələrimiz və digər gənclərimiz də bizə qoşulsunlar, fəallıq göstərsinlər, düşmənə qarşı birgə mübarizə aparaq. Biz bir olmasaq, heç bir beynəlxalq təşkilat gəlib, Qarabağı ermənidən alıb, bizə verməyəcək...